ABŞ hökuməti viza almaq üçün müraciət edən xarici ölkə vətəndaşları haqqında əlavə yoxlama aparacaq. İKT.lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest açıqlayıb. O bildirib ki, prezident Barak Obamanın əsas prioriteti Amerika xalqının təhlükəsizliyini və dövlətin milli təhlükəsizliyini təmin etməkdir.
C. Ernest viza üçün müraciət edən şəxslərin sosial şəbəkələrdəki səhifələrinin araşdırılacağını açıqlayıb. Belə ki, ABŞ konsulluq xidmətlərinin əməkdaşları hər hansı əcnəbiyə viza verərkən şübhə duyarsa və ya tərəddüd edərsə, müraciət müəllifinin sosial şəbəkələrdəki səhifəsini yoxlayacaqlar.
Xatırladaq ki, dekabrın 9-da ABŞ Nümayəndələr Palatası terrorçuların ölkəyə daxil olmasını əngəlləmək üçün viza rejiminin sərtləşdirilməsi barədə qanun qəbul edib.