Hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanı tranzit ölkə kimi daha da inkişaf etdirmək və beləlikə tranzit yükdaşımalarından gəlirlərini daha da artırmaqdır.
ANS PRESS-in məlumatına görə, bu məqsədlə prezident İlham Əliyev Azərbaycanda yükdaşımanın inkişafı üçün bir neçə sərəncam imzalayıb.Bu sərəncamlar əsasən yükdaşıma tariflərinin endirilməsini, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini və “İpək yolu”nun yenidən dirçəldilməsi məsələlərini ön plana çıxarır.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərinə görə, yüklərin daşınma vaxtının maksimum qısaldılması, tarif məsələlərinin həlli, təhlükəsizlik və servis xidmətləri əsas məsələlərdəndir. Artıq tariflərlə bağlı müvafiq addımlar atılıb.