Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır

Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır backend

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.

 

Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən videokonfrans formatında iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

 

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

 

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.