Aviasiya xidmətlərinə görə əlavə ödənişlər tutulacaq: Biletlərin bahalaşması gözlənilir?

Aviasiya xidmətlərinə görə əlavə ödənişlər tutulacaq: Biletlərin bahalaşması gözlənilir? backend

Mülki aviasiya sahəsində göstərilən xidmətlər və onların qiymətləri 2017-ci ildən etibarən mövcud olub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq edilib.

 

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, 2023-cü ildə yeni “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanı ilə “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq xidmət haqlarının təsdiq edilməsi səlahiyyəti və tapşırığı verilib:

 

"Sözügedən tapşırığın icrasının təmin edilməsi məqsədilə hazırlanmış Kollegiya Qərarının layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları), o cümlədən hava gəmisinin istismarçıları (bundan sonra – aviaşirkətlər) ilə razılaşdırılıb".

 

Qurumdan bildirilib ki, Kollegiya Qərarının layihəsi hazırlanarkən maliyyə və iqtisadi əsaslandırmalar, gəlir və xərc məlumatları, yeni xidmət haqqı məbləğlərinin son məhsula təsiri aidiyyəti üzrə razılaşdırılma həyata keçirilən dövlət orqanlarına (qurumlarına), o cümlədən aviaşirkətlərə təqdim edilməklə razılaşdırılma yekunlaşıb.

 

“Kollegiya Qərarının layihəsində qeyd edilən sərnişin və yükə münasibətdə tətbiq edilən yığımların yeni məbləğləri ilə bağlı isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9082, hava limanları və aeronaviqasiya xidmətlərinə görə ödənişlər üzrə siyasəti”nin tələblərinə uyğun olaraq yerli və xarici aviaşirkətlərə bu barədə məlumatlandırma edilərək, yığımların məbləğinə dair rəy və təkliflərinin təqdim edilməsi üçün 3 (üç) ay vaxt müəyyən edilib. Bu müddət ərzində aviaşirkətlərdən sərnişin və yükə münasibətdə təklif edilən yığımların məbləği ilə bağlı hər hansı etiraz daxil olmayıb”.

 

RİNN-dən əlavə edilib ki, razılaşdırılan Kollegiya Qərarının layihəsiAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2026-cı il 5 fevral tarixli 3-27/3-7-2/2026 nömrəli Qərarı ilə təsdiq edilib.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə Trend-ə açıqlamasında bildirib ki, bu, milli aviasiya sisteminin institusional idarəetməsinin təkmilləşdirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində atılan zəruri bir addımdır.

 

Onun sözlərinə görə, bu qərar beynəlxalq aviasiya sisteminin tələb etdiyi standartlara uyğunlaşmaq üçün vacib şərtlərdən biridir. Məhz bu səbəbdən Dövlət Mülki Aviasiya Təşkilatı bu istiqamətdə müvafiq yenilikləri tətbiq etməli idi:

 

“Bu addımın müəyyən nəticələri də olacaq. Belə ki, aviabiletlərin qiymətində müəyyən əlavələr meydana çıxa bilər. Beynəlxalq təcrübədə də buna bənzər hallara rast gəlinir. Bir çox ölkələrdə bu cür sistemlərin tətbiqi nəticəsində biletlərin qiymətinə təxminən iki avro civarında əlavə xərc daxil edilir. Yükdaşımalar zamanı isə hər ton yük üçün təxminən 0,6 avro əlavə ödəniş nəzərdə tutulur. Təbii ki, bu xərclər müəyyən dərəcədə biletlərin qiymətində öz əksini tapa bilər. Bu addım həm zəruridir, həm də qaçılmazdır. Çünki digər sahələrdə olduğu kimi, aviasiya xidmətində də sertifikatlaşdırma, təlimlərin keçirilməsi, xidmət standartlarının müəyyən edilməsi və beynəlxalq aviasiya sisteminə inteqrasiyanın təmin olunması olduqca vacibdir”.

 

Ekspert qeyd edib ki, bir çox ölkələrdə turizmin inkişafını stimullaşdırmaq məqsədilə bu xərclərin bir hissəsi dövlət və ya aviaşirkətlər tərəfindən qarşılanır. Belə hallarda həmin xərclər birbaşa sərnişin biletlərinə yansımır: “Müqavilələrdə və maliyyə mexanizmlərində qeyd olunur ki, işçilərin sertifikatlaşdırılması, uçuş avadanlıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, pilotların hazırlıq səviyyəsinin təsdiqi üçün beynəlxalq sertifikatların alınması, həmçinin uçuş və yükdaşımalarının təhlükəsizliyinin təmin olunması üçün çəkilən əlavə xərclər dövlət büdcəsi və ya aviaşirkətlərin öz vəsaiti hesabına maliyyələşdirilə bilər. Bu yanaşma turizmin inkişafını dəstəkləməyə və sərnişinlər üçün əlavə maliyyə yükünün azaldılmasına xidmət edir. Beləliklə, sərnişinlərin ödədiyi biletlərin qiymətinə bu xərclərin təsiri minimum səviyyədə saxlanılır. Ümumilikdə isə qeyd etmək olar ki, qəbul edilən qərar milli aviasiya sistemimizin beynəlxalq aviasiya standartlarına uyğun şəkildə institusional olaraq yenidən qurulmasına və qlobal aviasiya sisteminə daha sıx inteqrasiyasına xidmət edəcək. Bu isə təhlükəsizlik baxımından həm ölkə vətəndaşları, həm də xarici sərnişinlər üçün aviasiya xidmətlərindən istifadə zamanı daha yüksək etibarlılıq və güvən yaradacaq”.

 

V.Orucun fikrincə, bu xidmət haqları müəyyən dərəcədə aviaşirkətlər üçün əlavə maliyyə yükü yarada bilər: “Əgər bu xərclər birbaşa aviaşirkətlər tərəfindən qarşılanarsa, bəzi hallarda onların mənfəət marjasına təsir edə bilər. Lakin bu məsələni həll etmək üçün müxtəlif mexanizmlər mövcuddur. Məsələn, dövlət subsidiyaları və ya turizmin inkişafına yönəlmiş dəstək proqramları vasitəsilə həmin xərclərin bir hissəsi kompensasiya oluna bilər. Nəticə etibarilə, sərnişin aviabiletlərində bu xidmətlərin tətbiqi orta hesabla təxminən 0,5 faiz civarında əlavə xərc yarada bilər. Bu isə ümumi bilet qiyməti ilə müqayisədə o qədər də böyük məbləğ hesab olunmur”.

 

Ekpsert vurğulayıb ki, yeni sistemin tətbiqi və beynəlxalq standartlara uyğunlaşma müasir dövrün tələbidir. Bu addım milli aviasiya sistemimizin beynəlxalq institusional qaydalara inteqrasiyasını gücləndirəcək və təhlükəsizlik səviyyəsini daha da artıracaq.

 

“Bunun sosial tərəfi isə ondan ibarətdir ki, vətəndaşların üzərinə düşən əlavə yükün minimum olması üçün dövlət tərəfindən müəyyən dəstək mexanizmlərinin tətbiqi mümkündür”,- deyə o əlavə edib.

 

Qeyd edək ki, müvafiq Kollegiya Qərarı 2026-cı il 25 fevral tarixində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 2026-cı il 28 mart tarixində qüvvəyə minəcək.