Neçə müddətdir Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktının Nərimanov prokurorluğunda lazımınca araşdırılmaması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılar, məlumatlar yayılır.
Qaziler.az-a verilən məlumata görə, mərhumun qardaşı Qabil Şükürov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon prokuroru Hidayət Nurəlibəyovla, Yasamal Rayon prokuroru Elman Süleymanovla görüşüb. Amma hələ ki, konkret nəticə yoxdur – hələ də cinayət işi başlamayıb. Hətta Nərimanov və Yasamal rayon prokurorluqlarının imtinalarına məhkəmədə baxılıb, məhkəmə bu imtinaları ləğv edib. Yəni məhkəmə prokurorluqların verdiyi qərarı - ölüm faktının araşdırılmasından imtina qərarını ləğv edib. Amma prokurorluq yenə də cinayət işinin başlanmasından imtina edir. Şükürovlar ailəsinin üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla, onun köməkçisi ilə dəfələrlə görüş olub. Amma nəticə yoxdur. Hansısa sirli bir əl, qüvvə bu işin üzərinə aydınlıq gəlməsinə mane olur.
Bu günlərdə mərhumun qardaşı Adil Şükürov altı nəfər ailə üzvləri ili birlikdə Prezident Administrasiyasında olublar. Əvvəlcə onlara "müxtəlif sənədləri gətirin baxaq" deyilsə də, son anda şikayətləri qəbul edilməyib. Məsələ ilə bağlı saytımız mərhumun digər qardaşı Qabil Şükürovla əlaqə saxlayıb. O, bildirdi ki, baş verənlərin heç bir hüquqi, mənəvi izahı yoxdur: "Biz qardaşımızın öldürülməsindən şübhələnirik. Ən azından ortalıqda tibbi ekspertizanın rəsmi rəyi var ki, qardaşım həkim səhlənkarlığından vəfat edib. Nə həkimə “gözün üstə qaşın var” deyilir, nə də klinika rəhbərliyinə. Üzümə qarşı deyirlər ki, "bu işi araşdırma, başını ağrıtma, 3-4 il ömrün var. Get ömrünü yaşa!” Bu nə deməkdir? Belə iş ola? Biz hüquqi dövlətdə yaşayırıq axı".
Doğurdan da, çox müəmmalı bir proses gedir. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə də məsələyə şəxsi prizmadan baxır. Axı bu ailənin istəyi nədir:
“Məqsədimiz qardaşımız Şükürov Böyükağa Böyükkişi oğlunun 12.11.2023-cü il tarixdə vəfatı ilə bağlı aparılan ibtidai araşdırmalar zamanı yol verilmiş ciddi qanun pozuntuları, əsassız qərarlar və obyektivliyin təmin edilməməsi barədə məlumat vermək və işin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmasına nail olmaqdır. Məhkəmə prokurorluğun verdiyi qərarı, yəni ölüm faktının araşdırılmasından imtina qərarını ləğv edib. Məhkəmə qərarı da icra edilmir – cinayət işi başladılmır. Niyə?”
Suallar çoxdur, amma cavab yoxdur. Cavab verməli olan qurum isə şikayətçiyə hədə dolu mesaj verir.
Mövzunu diqqətdə saxlayacağıq.



