Ombudsman əlilliyin qiymətləndirilmə prosedurlarının sadələşdirilməsini istəyir

Ombudsman əlilliyin qiymətləndirilmə prosedurlarının sadələşdirilməsini istəyir backend

Ombudsman əlilliyin qiymətləndirilmə prosedurlarının sadələşdirilməsini istəyir.

 

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

 

Ombudsmana ünvanlanan şikayətlər üzrə aparılan təhlillərin nəticələrinə əsasən Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.5.1-ci bəndində nəzərdə tutulan müddətlərə müvafiq dəyişikliklər edilməklə azaldılması və aşağıdakı məzmunda verilməsi təklif edilir:

 

"1.5.1. şəxsin eyni xəstəliklə son 3 (üç) ay müddətində fasiləsiz və ya son 6 (altı) ay müddətində fasilələrlə ümumilikdə 3 (üç) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;";

 

Eyni zamanda Ombudsman aşağıdakı təkliflərlə çıxış edir:

 

- əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda "natamam" hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə, habelə vətəndaşların təkrar müraciət etmək məcburiyyətində qalmalarına səbəb olduğunu, nəticə etibarilə hüquqların operativ və effektiv təmin olunmasına maneələr yaratdığını nəzərə alaraq, əlilliyin qiymətləndirilməsi prosesində iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi;

 

- infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, o cümlədən istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının, habelə ictimai nəqliyyatın, əsasən də metro stansiyalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması xüsusi müyəssərlik tələblərinə nəzarətin gücləndirilməsi, istismarda olan obyektlərin müyəssərlik əhəmiyyət kəsb etdiyindən, layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində baxımından monitoringinin aparılması, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması, habelə metro və digər nəqliyyat vasitələrinin əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi, əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının bu fəaliyyətə cəlb edilməsi;

 

- görmə qabiliyyəti məhdud olan şəxslərin imzasının hüquqi cəhətdən tanınması və imzalanma zamanı üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılması məqsədilə bu şəxslərin "ASAN imza" vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqlənməsinə imkan verən və ya digər əlçatan imzalama mexanizminin hazırlanması və tətbiqi;

 

- "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin icrasının daha səmərəli təmin edilməsi, ölkənin sosial inklüzivlik siyasətinin gücləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və ölkəmizin inklüziv cəmiyyət quruculuğunda beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi məqsədilə Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman - Berlin Bəyannaməsinə qoşulması.