Yaxın günlərdə yeni təmirdən çıxmış Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı olacaq.
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ölkədə plastik-estetik-rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb:
"Topçubaşov adına elmi cərrahiyyə mərkəzində tam kadrlı şöbə yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Digəri isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazası olan plastik-rekonstruktiv cərrahi klinika əsaslı təmir olunub. Yaxın günlərdə açılışı olacaq".
T.Musayev həmçinin əlavə edib ki, nazirlik mütəmadi olaraq qəzalı və əsaslı təmirə ehtiyacı olan bütün müəssisələri siyahıya alaraq investisiya layihəsinə daxil edir:
"Vəsait ayrıldıqca həmin müəssisələr təmir edilir, aidiyyəti üzrə təhvil verilir".



