Qarabağ qazisi prezidentə müraciət etdi - qanunsuzluqla bağlı

Qarabağ qazisi prezidentə müraciət etdi - qanunsuzluqla bağlı backend

Bir neçə gün əvvəl İmişli rayon sakini, 2-ci qrup Qarabağ əlili Tariel Adışirin oğlu Şirinli QAZİLER.AZ saytının redaksiyasında olmuşdu. O, 1992-ci il martın 19-dan 1993-cü ilə qədər Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Xalq arasında “Küdrü qartalları” kimi tanınan İmişli könüllü dəstəsinin komandiri olub. Hal-hazırda heç bir yerdə işləməyən, kirayədə yaşayan T.Şirinli növbədənkənar mənzil təmin olunması ilə bağlı İmişli rayon icra hakimiyyətinə ünvanladığı ərizənin saxtalaşdırılmasından şikayətçi idi.

Dəfələrlə aidiyyatlı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. Şikayətçi 2009-cu ildə İmişli İcra Hakimiyyətinin mənzil komissiyasına müraciət edərək güzəştli şəxs kimi mənzillə təmin edilməsini xahiş edib. Lakin icra hakimiyyətindən onun müraciətinə heç bir rəsmi cavab verilməyib. Sonradan məlum olub ki, Tariel Şirinlinin adı nəinki növbədən kənar, ümumiyyətlə, güzəştli şəxslər üçün nəzərdə tutulan mənzil növbəsinin siyahısında yoxdur. Qarşılaşdığı problemlə bağlı, Azərbaycan Respublikasının Ombudsmanına, o cümlədən, digər müvafiq dövlət təşkilatlara müraciət edib.

Əsalı bir cavab ala bilməyən T.Şirinli Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciətdən sonra isə məlum olub ki, onun növbədənkənar mənzillə təmin edilməsi üçün müraciət etdiyi ərizə İmişli rayon İcra Hakimiyyətində dəyişdirilib. Əvəzində güzəştli şəxslər üçün mənzil növbəsinə dayanmaq üçün ərizə yazılıb. Bundan sonra Qarabağ əlilinin başına gələnləri söz ilə ifadə etmək çətindir. Onun ərizəsinin dəyişdirilməsi ilə bağlı qaldırdığı iddia mümkünsüz sayılaraq məhkəmə tərəfindən təmin edilməyib. Müraciət olunan Apelyasiya Məhkəməsi ərizəni baxılması üçün yenidən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə qaytarıb. Tariel Şirinlinin bu dəfə ərizəsinin dəyişdirilməsinə hüquqi qiymət verilməsi üçün İmişli rayon prokuroruna müraciəti də nəticəsiz olub. Çünki prokuror da işi Şirvan İqtisadi Məhkəməsinə qaytarıb. Bundan sonra Qarabağ əlili ərizəsinin dəyişdirilməsinə etiraz olaraq xəttin ekspertizaya göndərilməsi, işə hüquqi qiymət verilməsi xahişi ilə 22 dekabr 2014-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edib. Buradan da 29.12.2014-cü ildə müraciətə baxılması ilə bağlı bildiriş göndərilib. Onlar da işi yenidən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərib. Fevralın 25-də Şirvan İnzibati-İqtisadi məhkəməsində hakim İxtiyar Abuşov məhkəmə prosesində məsələyə baxılıb. T.Şirini yenə də xəttin ekspertizaya göndərilməsi üçün vəsatət qaldırıb. Lakin hakim onun vəsatətini təmin etməyib. Bununla bağlı T.Şirinli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ərizə ilə müraciət edib. O, eyni ərizəni Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudova, Məhkəmə-Hüquq Şurası cənab Fikrət Məmmədova və Kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:



“Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim İxtiyar Abuşova məhkəmə prosesi başlayan kimi vəsatət verdim. Hakim İ.Abuşov vəsatətimi qəbul etmədi. Arqumenti də bu oldu ki, tərəflər vəsatəti ancaq məhkəmənin hazırlıq iclasında təqdim edə bilərlər. Mahiyyəti üzrə baxış zamanı vəsatət qəbul olunmur. Bildirirəm ki, İ.Abuşov bu işdə təyin olunan ikinci hakimdir. Birinci hakim Zaur Allahyarova etiraz etdiyim üçün prosesdən kənarlaşdırılmış, iş hakim İ.Abuşovun icraatına verilmişdir. Qeyd edirəm ki, iddiaçı olaraq İ.Abuşovun sədrlik etdiyi birinci məhkəmə iclasında cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyası tərəfindən sübut - sənədlərin əslinin məhkəməyə təqdim edilməsi üçün vəsatət vermişdim və hakim vəsatətimi təmin etmişdi.

Bildirirəm ki, Qarabağ əlili kimi mənzil növbəsinə uçota götürülməyim üçün verdiyim Ərizə saxtalaşdırılaraq dəyişdirilmişdir. Bu gün- 25 fevral 2015-ci il tarixli məhkəmə iclasında İmişli RİH tərəfindən məhkəməyə təqdim edilən sənədin (ərizənin) nə mətninin, nə də xəttin mənə aid olmadığını, ərizənin sui-istifadə məqsədilə dəyişdirildiyinə bir daha əmin oldum və vəsatət vermək istədim ki, ərizənin əslinin ekspertizadan keçirilməsi, nəticələrindən asılı olaraq müvafiq icraatın ayrılıb, saxtakarlığı törətmiş şəxsin və ya şəxslərin cinayət məsuliyyəti məsələsinin həlli üçün müvafiq hüquq-mühafizə (istintaq) orqanına göndərilməsini təmin etsin. Vəsatətə fikir bildirmək bir yana, heç yerli-dibli vəsatəti qəbul etmədi. Əgər vəsatəti qəbul etməyəcəkdisə, daha niyə ilk iclasda hakim vəsatətimi qəbul edib, sənədlərin əslinin məhkəməyə təqdim edilməsi qərarını verdi?!

Məlumat üçün bildirirəm ki, əvvəlki məhkəmə proseslərində də vəsatət versəm də hakim Zaur Allahverdiyev də vəsatətimi qəbul etməyərək, prokurorluğa müraciət etməyimi tövsiyə etmişdi. Mən də tövsiyəyə əməl edərək, İmişli rayon prokurorluğuna müraciət etmişdim. İmişli rayon prokuroru ərizəmi Şirvan İnzibati-İqtisadi məhkəməsinə göndərmişdi. İmişli rayon prokurorunun hərəkətindən (hərəkətsizliyindən) Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etdim. Baş Prokurorluq da müraciətimi Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərmiş və mənə də BİLDİRİŞ göndərərək məktubumu online izləmək üçün ərizənin nömrəsini, kodunu və daxil olma tarixini qeyd etmişdir. Amma, deyilən internet saytına daxil olduqda və həmin kodu yığdıqda müraciətin QEYDƏ alınmadığı, müraciət edilən faylın mövcud olmadığı məlum olur! Məhkəmə prosesində də hakimə prokurorluqdan gələn məktublara hüquqi qiymət veriləcəkmi sualına isə, hakim: “Xeyr! Araşdırmayacağıq! Bizim öz rəhbərimiz var. Prokurorluq bizim rəhbərimiz deyil. “ Bəs, niyə müraciətim Sizə göndərilib? sualına, hakim: “onu prokurorluqdan soruş”- deyə cavab verdi.

Bu gün hakim İ.Abuşov məhkəmənin yekunlaşdığını bildirdi. Amma, QƏRAR hissəsini elan etmədi. Qərarın sabah elan olunacağını bildirdi. Bəs, biz qərarın nədən ibarət olacağını necə biləcəyik ? Sabah da bura gəlməliyikmi ? sualına: “saat 11-12 radələrində 050 668 90 96 nömrəli telefona zəng edib, öyrənə bilərsiniz”- cavabını verdi!

Bildirirəm ki, mən 2-ci qrup Qarabağ əliliyəm. 153 manat pensiya alıram. Övladım ali təhsil alır və Bakı şəhərində kirayədə yaşayır. Özüm İmişlidə yaşayıram. Güzaranımız onsuz da acınacaqlıdır. Üç ayrı-ayrı iş üzrə məhkəmə çəkişmələrinə cəlb olunmuşam. İkisi İmişli RİH-ə qarşı, biri İmişli Sosial Müdafiə Mərkəzinə qarşı. Məhkəmə prosesləri Şirvan şəhərində keçirilir. Üst-üstə, ümumilikdə 16 (on altı) dəfə məhkəmə prosesində iştirak etmək üçün nisyə, borc alıb, kimdənsə xahiş edib və s. Şirvan şəhərinə yollanmışam. Bu gün də sürücülərə borcum var. Hələ nə qədər də məhkəmələrə gedəcəyimi bilmirəm. Azərbaycan məhkəmələrində isə hakimlər tərəfindən nə məhkəmə xərcləri, nə də mənəvi ziyana görə qərar çıxarılmır. Amma, deyim ki, bir hakim - Zaur Allahyarov məhkəmə xərcinin də mənim tərəfimdən ödənilməsi haqqında qərar qəbul edib. Amma, Şirvan Apellyasiya məhkəməsi həmin işin yenidən baxılması üçün Şirvan İnzibati-İqtisadi məhkəməsinə qaytarılması haqqında qərar çıxarıb. Görək nə olacaq ?! Məlumat üçün bildirim ki, Şirvan İnzibati-İqtisadi məhkəməsinin sədrdən başqa dörd hakimi var ki, bu dörd hakimdən üçü artıq qatıldığım məhkəmə prosesində hakim kimi iştirak edib. Keçirilən və qəbul olunan qərarların nəticələrinə əsasən deyə bilərəm ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsində hərc-mərclik hökm sürür. Məhkəmə qərarları qanuna uyğun yox, şəxsi münasibətlərə görə qəbul edilir.

Əslində, araşdırmam nəticəsində istər şəhid adının verilməsi, mənzil uçotuna götürülməsi, mənzillərin tikilməsi, paylanması və sairə neqativ, qanunazidd, korrupsiya elementləri ilə müşayiət olunan faktlar aşkarlamışam ki, yaxın günlərdə hüquq-mühafizə idarələrinə göndərmək istəyirdim. Amma Məhkəmə-Hüquq Şurasına, Baş Prokurorluğa etdiyim müraciətlərin aqibətini görəndən sonra, vəziyyətin daha ciddi olduğu qənaətinə gəldim və Sizlərə müraciət etmək qərarına gəldim.

Sizdən Şirvan İnzibati-İqtisadi məhkəməsində qatıldığım məhkəmə proseslərini nəzarətinizdə saxlamağı xahiş edirəm!”

Göründüyü kimi, müvafiq qurumlar işi o həddə çatdırıblar ki, Qarabağ qazisi bu bürokratik əngəllərin və qanunsuzluqların əlində çıxılmaz vəziyyətə düşüb. Qaziler.az saytı olaraq məsələni diqqətdə saxlayacağıq.

QAZİLER.AZ
Diaspora