Lənkəran və Masallıda canavarlar kəndlərə hücum çəkir.
APA-nın verdiyi xəbərə görə, bir neçə gündür ki, canavarlar kənd əhalisində qorxuya səbəb olub.
Canavarlar əsasən Lənkəran rayonunun Zövlə və Masallı rayonunun Mollon, eləcə də Mahmudavar kəndlərində mal-qaraya, atlara hücum çəkib, bəzilərini parçalayıblar.
Sakinlər deyir ki, valideynlər artıq övladlarını məktəbə göndərməyə qorxur. Onlar məcbur qalıb əllərinə balta, yaba, dəryaz götürərək canavarları kəndlərdən uzaqlaşdırmağa çalışırlar.
Qeyd edək ki, canavarların heyvanlara hücum çəkib parçalaması nəticəsində, vətəndaşlara küllü miqdarda ziyan dəyib.
Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılmasında onlara köməklik göstərməsini xahiş edirlər.



