“Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib”. APA TV-nin xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib.
O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb: “Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onların sayı kifayət qədərdir".Tədbirdə bildirilib ki, layihə çərçivəsində İTV, “Xəzər”, ANS, ATV, “Space”, “Lider” və “Region” telekanallarında yayımlanan xəbər və qeyri-xəbər verilişlərinin dili monitorinqə cəlb olunub. Monitorinqin nəticələrinə əsasən ədəbi dil normaları dilin bütün səviyyələrində - istər foneloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur.
Monitorinq zamanı təhlilə cəlb edilən və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənaraçıxma halları olub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli qeyd edib ki, televiziyalarda monitorinqlər davam etdikcə, bu sahədə bir duruluq müşahidə olunur: “Hər halda, yayımçıların efirində dil qaydalarına dair bir məsuliyyət yaranıb. Bəzi televiziya və aparıcıların etirazına baxmayaraq, qüsurlar da qalmaqdadır. Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar. Artıq başqa dillərin Azərbaycan dilində intonasiyası hiss olunur”.