Azərbaycan məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan məhkəmə sisteminin daha da inkişafı üçün bir sıra vacib vəzifələr var:
"Burada vahid məhkəmə təcrübəsinin daha geniş tətbiqi sayəsində qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyət daşıyır Həmçinin hakimlərin iş yükünün optimallaşdırılması, onların sosial təminatının gücləndirilməsi və etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir. Bununla yanaşı, məhkəmələrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində və qərarların dəqiqliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq".
Ali Məhkəmənin sədri həmçinin bildirib ki, süni intellektin məhkəmə-hüquq sahəsində də tətbiqi reallığa çevrilib:
"Düzgün istifadə olunduqda məhkəmə təcrübəsinin təhlili, hüquqi sənədlərin hazırlanması və risklərin qiymətləndirilməsi prosesində mühüm dəstək vasitəsi kimi çıxış edə bilər. Ona görə də hazırda məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılır".



