Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanması ilə bağlı işlər gedir.
Apa xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.
“Lüğətə yenidən baxmağa ehtiyac var idi. Hazırda bununla bağlı işlər gedir. 2026-ci ilin sonunadək lüğətin çap ediləcəyi ehtimal edilir”, - İsa Həbibbəyli deyib.
AMEA Prezidenti qeyd edib ki, şəxs adları ilə bağlı məsələlərə də yenidən baxılmalıdır: “Mütləq Azərbaycan dilində yeni sözlər yaradılmalı, beynəlxalq terminlərin qarşılığı tapılmalıdır. Dil ilə bağlı dövlət səviyyəsində irəli sürülən tapşırıqlar müstəqil Azərbaycanın dövlətçilik ideologiyasının irəli sürülməsinin, dilimizin zənginləşməsinin, dilə qayğının ifadəsidir. Azərbaycan dilinin qorunub saxlanması ilə bağlı cənab Prezidentin irəli sürdüyü müddəalar içərisində beynəlxalq terminologiya ilə bağlı məsələlər yer tutur. Prezidentin qeyd etdiyi kimi, problemin çıxış yolu beynəlxalq terminologiyadan istifadə ilə yanaşı, digər terminlərin Azərbaycan dilində qarşılığını tapmaq, milli terminologiyanı genişləndirməkdən ibarətdir. Mütləq Azərbaycan dilində yeni sözlər yaradılmalı, beynəlxalq terminlərin qarşılığı tapılmalıdır”.
İsa Həbibbəyli vurğulayıb ki, dilin daxili imkanlar ilə zənginləşməsinin yollarından biri söz yaradıcılığıdır: “Sözlərin yaranma yollarından biri də ədəbiyyatdır. Məsələn, Azərbaycan dilinə çimərlik, nəfəslik, dünyadaş və s. sözləri bədi ədəbiyyatdan keçib”.



