AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçirildi. İclasda İnstitutun 2015-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı müzakirə edildi.
Elmi Şuranın iclasında AMEA-nın həqiqi üzvü, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edirdi.Mövzu üzrə çıxışında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli 100 səhifədən çox tutumu olan “AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2015-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı”nın əsas məqamlarını qeyd etdi. N. Müseyibli hesabatın nəticələrinə əsaslanaraq bildirdi ki, cari il ərzində altısı beynəlxalq statuslu olmaqla 30-dan çox arxeoloji ekspedisiyalar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərmiş, həmçinin, etnoqrafik tədqiqatlar aparılmışdı. 6 elmi problem və bu problemlər kontekstində 24 mövzu üzrə elmi araşdırmalar aparmış İnstitut tərəfindən aktual elmi mövzularla əlaqədar simpozium, sessiya və d. tədbirlər təşkil edilmişdır. İnstitut əməkdaşları beynəlxalq elmi konfranslarda iştirak etmiş, ümumilikdə, 184 məqalə və tezis, 6 kitab, impakt – faktorlu beynəlxalq elmi jurnallarda 11 məqalə dərc edilmişdir.
Daha sonra hesabat ətrafında müzakirələr aparıldı. İnstitutun Elmi Şurasının üzvləri və şöbə rəhbərləri illik hesabatla bağlı öz fikirlərini demiş, təkliflərini vermişlər. İclasda iştirak etmiş akademik Nailə Vəlixanlı öz çıxışında İnstitutun illik hesabatını yüksək dəyərləndirərək, arxeologiyanın müasir tələbləri ilə əlaqədar səsləndirilən suallara cavab vermiş və təkliflərə münasibətini bildirmişdir.