Azərbaycan Jurnalistlər Birliyində sədrin müavini vəzifəsinə hələ rəsmi təyinat yoxdur.
Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib.
"Təyinat barədə konkret vaxt bilmirik. Amma yeni idarə heyəti hazırlayırıq. Hazır olan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək", - E.Şıxlı deyib.
O qeyd edib ki əvvəlki idarə heyətinin demək olar ki, 95 faizi vəfat edib.
Təşkilatın mindən çox üzvü olduğunu vurğulayan Elçin Şıxlı bildirib ki, Birliyin saytı da yenilənəcək:
"Saytda təşkilatın fəaliyyəti və jurnalistika fonunda Azərbaycanda, eləcə də dünyada baş verən tendensiyalar əksini tapacaq".
"İdarə heyəti 8-10 nəfərdən, plenum isə 40 nəfərdən ibarət olacaq. Jurnalist üzvlərin, əsasən, gənc olmasına diqqət yetiriləcək", - deyə E.Şıxlı əlavə edib.
Xatırladaq ki, Azərbaycan Jurnalistlər Birliyinə ayrı–ayrı vaxtlarda İsrafil Nəzərov, Kamran Rəhimov, Ağababa Rzayev, Rəşid Mahmudov, Rafiq Zeynalov, Hacı Hacıyev kimi jurnalistlər sədrlik edib. 2006-cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.



