Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə davam etdirilən proses zamanı iki zərərçəkənin ərizəsinin məhkəməyə daxil olduğu bildirilib.
Həmin zərərçəkənlərdən biri bütün təqsirləndirilənlərə qarşı, digəri isə yalnız müttəhim Mehriban Abasquliyevaya münasibətdə şikayət və tələbinin olmadığını bildiriblər.
Mehriban Abasquliyeva ifadəsi zamanı deyib ki, 27 dekabr 2022-ci ildə mərkəzə direktor təyin edilib:
"Mərkəzdə yanğın baş verənə qədər vəzifədə olmuşam. Hadisə baş verən gecə təcili yardım şöbəsindən zəng elədilər, alovlanma olduğunu bildirdilər. Mən də hadisə barədə TƏBİB-in icraçı direktoruna və yanğınsöndürənlərə zəng etmişəm. Əraziyə yanğınsöndürülənlərin cəlb olunduğunu dedilər. Mən ora çatandan xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul olmuşuq. TƏBİB-in icraçı direktoru da orada idi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədləri, sonra isə istintaq idarəsinə gəlməyimi tələb etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə getdik. Hadisə zamanı keçirdiyim stress və yorğunluq səbəbindən ifadə verə bilməmişəm, təqdim olunan sənədlərə imza atmışam. Həmçinin orada olan zaman vəkillərimlə də əlaqə saxlaya bilməmişəm".
Mehriban Abasquliyevanın sözlərinə görə, daha sonra yenidən Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb və ona dövlət hesabına vəkillə təmin edildiyi bildirilib:
"Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, dövlət hesabına vəkillə təmin etdilər. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi, ona görə təqdim edilən hər bir sənədə imza atmışam. 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bilmişəm".
M.Abasquliyeva daha sonra əlavə edib ki, yanğının elektrik yuvasından deyil, küvəzdən başladığı da otaqda olan kameradan aydın görünüb:
"Küvəzlərə mütəxəssislər baxış keçirməyiblər. Nasazlıq üç ay əvvəl də, üç saat əvvəl də baş verə bilər. Evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yeni doğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər, mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda deyilir ki, yanğının söndürülməsində iştirak edən dörd nəfərin sağlamlığına yüngül zərər vurulub. Qeyd edim ki, ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunma tətbiq edilmir".
M.Abasquliyevanın sözlərinə görə, yanğın təhlükəsziliyi ilə bağlı hər hansı bir öhdəliyi olmasa da, Respublika Perinatal Mərkəzində bu məsələdən irəli gələn problemləri də aradan qaldırıb:
"Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu və oraya yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm".
Növbəti proses fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yeni doğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində mühakimə olunurlar.



