Xocalıda şəhid olan Məzahir Əbilov haqda sənədli filmin çəkilişi başa çatıb.
Bu barədə Qaziler.az-a filmin ssenari müəllifi, qazi Rey Kərimoğlu bildirib.
Filmin rejissoru Roman Yaşardır.
Rey Kərimoğlu qeyd edib ki, sənədli ekran işi 1992-ci il, fevralın 26-da Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Əbilovun həyat və döyüş yolundan bəhs edir.
"Bir müddət əvvəl qəhrəman haqqında ATV-nin "Ağdam və mən" verilişində Yaqub Rzayevin ("Qatır Məmməd" - red.) döyüşçüləri danışmışdılar. Bundan sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun "Avrasiya Media Şəbəkəsi" qəhrəman haqda maraqlanıb, onun şərəfli döyüş yolundan bəhs edən film hazırlamağı qərara aldı. Sənədli filmin təqdimatı fevralın 22-də Nizami Kino Mərkəzində keçiriləcək", - ssenari müəllifi qeyd edib.
Qeyd edək ki, polis kimi Birinci Qarabağ döyüşlərinə qatılan Məzahir Əbilov 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb. Məzahirin yaxınları illərlə onun yolunu gözləyib. Lakin, şahid ifadələrinə görə Məzahir Əbilov qanlı döyüşlərdə şəhid olub.
QAZİLER.AZ



