Bir sıra ölkələrdə vətəndaşlar pensiya yaşı tamam olmadan da pensiya kapitalına yığılan vəsaitdən istifadə edə bilirlər. Məsələn, daşınmaz əmlak almaq və ya biznes qurmaq istəyən şəxslər pensiya kapitalında topladıqları pulu öncədən çıxarmaq imkanına malikdirlər.
Bəs Azərbaycanda belə bir mexanizmin tətbiqi mümkündürmü?
İqtisadçı Eyyub Kərimli bu məsələ aktualdır və beynəlxalq təcrübədə oxşar mexanizmlər mövcud olduğunu deyib.
“Qardaş Türkiyədə də belə imkan var. İnsanlar müəyyən hallarda əvvəlcədən topladıqları kapitaldan istifadə edə bilirlər. Bizdə rəsmi arqument ondan ibarətdir ki, Azərbaycanda həmrəylik sığortası sistemi tətbiq olunur. Yəni hazırda pensiya alanların sayı çoxdur və Sovet İttifaqı dağıldıqdan sonra uzun müddət pensiya hüququ olmayan insanlar mövcud olub.
Hazırda işləyən gənclərin ödədiyi sosial sığorta haqları bu şəxslərin pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Gələcəkdə isə iqtisadi vəziyyət yaxşılaşdıqca, sonrakı nəsillərin ödədiyi vəsait hesabına bizim pensiyalarımız veriləcək”.
İqtisadçı qeyd edib ki, sistemin tam formalaşması zaman tələb edir:
“Sovet dövründən qalma keçid mərhələsi tam başa çatdıqdan, əmək münasibətləri tam rəsmiləşdirildikdən və insanların əmək stajları sosial sistemdə tam əks olunduqdan sonra sosial müdafiə fondlarında əlavə vəsaitlər formalaşacaq. Hər kəs öz pensiyasını tam şəkildə ala bildiyi mərhələdə, hesab edirəm ki, pensiya kapitalından erkən istifadə məsələsi də öz həllini tapa bilər”. (Globalinfo.az)



