AZƏRBAYCANLI ALİMİN MƏRUZƏSİ FRANSADA BÖYÜK MARAĞA SƏBƏB OLUB

AZƏRBAYCANLI ALİMİN MƏRUZƏSİ FRANSADA BÖYÜK MARAĞA SƏBƏB OLUB backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımov QAZİLER.AZ-a verdiyi məlumata görə, cari ilin noyabr ayında Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (Centre National de la Recherche Scientifique, CNRS) və Lion şəhərində yerləşən Təbiət Tarixi Muzeyinin (Musée des Confluences) birgə təşkilatçılığı ilə ”Qafqazda e. ə. VI – II minilliklərdə darı bitkisinin kultivasiyası: mənşəyi və inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Cənubi Qafqazda arxeoloji və paleobotanik tədqiqatlar aparan əsas 5 ölkədən: Fransa, İsveçrə, Azərbaycan, Gürcüstandan və d. olan alimlər iştirak etmişlər.

Konfransda Qafqazın arxeoloji abidələr kontekstində bioloji arxivlər və paleobotanik analizlərin nəticələrindən irəli gələn yeni elmi informasiyaların təhlili və müzakirəsi aparılmışdır. Məruzəçilər Qafqazda darı bitkisinin qədim sakinlərin qidasında ilkin istifadəsi, həmçinin, onun kultvasiyası ilə bağlı yeni məlumatlar təqdim etmişlər.

Azərbaycanı konfransda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Ekspozisiya şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev təmsil etdi. F. Quliyev elmi konfransda “Göytəpə: erkən neolit kəndi” məruzəsi ilə çıxış etmişdir. Azərbaycan təmsilçisi Azərbaycanda arxeologiyanın müasir dünya standartları səviyyəsində olmasını bir daha nümayiş etdirən məruzəsində Göytəpə qədim yaşayış yerində (Azərbaycan Respublikası, Tovuz rayonu) aparılan paleobotanik analizlərin nəticələrini tədqim etmişdir. Həmin nəticələrin təhlilinə əsaslanaraq F.Quliyevin məruzəsində Cənubi Qafqazın neolit dövründə erkən əkinçi tayfaların ərzaq ehtiyatları haqqında ən yeni elmi informasiyaların üzə çıxarılması baxımından Göytəpə məskəninin etalon abidə statusunda olması xüsusilə vurğulanmışdır. Fərhad Quliyevin məruzəsi konfrans iştirakçıları tərəfindən böyük diqqətlə qarşılanmışdır.