Azərbaycanda bəzi məlumatlar elektron sübut hesab ediləcək.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri istintaq prosesini həyata keçirən orqanın qərarı ilə bu məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə biləcək.
Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul olunacaq.
Həmçinin sənəddə elektron formada sübutların saxlanılması halları da müəyyənləşir.
Belə ki, elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar istintaq prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə ediləcək və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılacaq.
Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.
Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.
Həmçinin məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya istintaq prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.



