Almaniyalı alimlər Azərbaycanda

Almaniyalı alimlər Azərbaycanda backend

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər – Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf Qəbələdə olublar.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qonaqları Qəbələ Rayon İcra Hakimiyyətinin müavini Abil Ağasəfov qarşılayıb. Görüşdə Fondun əməkdaşları, Qəbələ rayonu üzrə nümayəndəsi Təranə Səlimova və Alban-Udin icmasının təmsilçiləri iştirak ediblər.

A.Ağasəfov almaniyalı elm adamlarını Qəbələdə görməkdən məmnun olduğunu deyib və bildirib ki, ölkələrimiz arasındakı iqtisadi, diplomatik münasibətlərin inkişafı elm, mədəniyyət sahəsindəki əlaqələrə də müsbət təsir edib.

Azərbaycanda dəfələrlə səfərdə olduğunu xatırladan xanım Z.Hartman qeyd edib ki, Alman və Azərbaycan dastanlarını araşdırarkən hər iki xalqın köklərində mədəni yaxınlığın olduğu qənaətinə gəlib, həmçinin ölkəmizə etdiyi səfərlər də bunu təsdiqləyir. Qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsində professorların Qəbələ şəhər 2 saylı tam orta məktəbində mühazirələri təşkil olunub. Onlar alman və Azərbaycan folklorundakı bənzərlik barədə şagirdlərə və yerli ziyalılara məlumat veriblər, dinləyicilərin suallarını cavablandırıblar.
Qəbələnin Nic kəndində yerləşən Alban-Udin icmasinda görüşlər keçirən almaniyalı qonaqlar Udin kilsəsində də olublar.
Səfərin növbəti günündə xanım Z.Hartman və professor K.Volfun Qafqaz Universitetində mühazirələri təşkil olunub. Professor K.Volf “Alman ədəbiyyatında türk obrazı”, professor Z.Hartman “Orta əsrlər alman ədəbiyyatında romantizm” mövzusunda çıxış ediblər. Sonra qonaqlar professor-müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Diaspora