DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb.
Qaziler.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.
Anar Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və DOST mərkəzlərinin yaradılması son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir, çevik, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
Qeyd edilib ki, DOST xidmətləri şəbəkəsi daim genişlənir və bu şəbəkə artıq Tərtər rayonunu da əhatə edir. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib.
Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır.
Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, sakinlərin müraciətlərində əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi, həmçinin məşğulluğunun təmin edilməsi üçün müraciət edən vətəndaşların aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlar verib.
Tərtər DOST filialının 2 mərtəbədən ibarət binası modern və konstruktivlik elementlərlə müasir üslubda layihələndirilib. Burada gün ərzində orta hesabla 80-dək vətəndaşın qəbulu nəzərdə tutulur.



