Qanunsuz orden və medallar verən Mehdi Meydiyevin məhkəməsi başlayıb

Qanunsuz orden və medallar verən Mehdi Meydiyevin məhkəməsi başlayıb backend

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etməkdə təqsirləndirilən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin məhkəməsi başlayıb.

APA xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib. Məhkəmənin baxış iclası 3 fevrala təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaqla “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə zərərçəkmiş şəxs qismində Ədliyyə və Müdafiə nazirlikləri tanınıb.

Təqsirləndirilən Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.