Son zamanlar Rusiya ordusunda döyüşərək həlak olan Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda şəhid kimi dəfn olunmasının görüntüləri yayılıb. Kameraya alınan mərasim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Qaziler.az məsələ ilə bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun fikirlərini alıb. O bildirdi ki, şəhidlik Azərbaycan Respublikasının qanununda konkret göstərilib.
"Belə hallar yolverilməzdir. Şəhidlik Azərbaycan Respublikasının qanununda konkret göstərilib. Həmin qanuna görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Yəni şəhidlik statusu ilə bağlı konkret anlayış var və yalnız Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanlar şəhid sayılır. Bunu edənlərin hansı məqsədi güddüklərini bilmirəm, amma bu düzgün sayılmır, bu cür halların qarşısını almaq lazımdır. Rusiya işğalçı dövlətdir, işğalçının yanında döyüşmək yolverilməzdir. Kimsə işğalçı Rusiya üçün döyüşüb, həlak olub və kim ixtiyar verir ki, onu şəhid adlandırsınlar, şəhid statusu versinlər. Ümid edirik ki, dövlət orqanları bu məsələ ilə bağlı lazımi tədbir görəcəklər".
QAZİLER.AZ



