"HTC Cliniva Hospital"dan şikayət: "Əməliyyatdan iki həftə sonra səhhətim pisləşdi"

"HTC Cliniva Hospital"dan şikayət: "Əməliyyatdan iki həftə sonra səhhətim pisləşdi" backend

Vətəndaş "HTC Cliniva Hospital"da abdominoplastika (qarın gərmə) əməliyyatı olunduqdan sonra səhhətinin kəskin şəkildə pisləşdiyini iddia edir.

Bu barədə Oxu.Az-a şikayət ünvanlayan Gülbəniz Qasımova məlumat verib.

Onun sözlərinə görə, 2024-cü il aprelin 4-də həkim Rauf Xəlilov tərəfindən əməliyyat edilib:

"Əməliyyatdan iki həftə sonra səhhətim pisləşdi, yaralarımdan irin (çirk) axmağa başladı və yüksək hərarətim yarandı. Bununla bağlı həkim Rauf Xəlilova müraciət etdik. O, əməliyyatdan sonra bu halların normal olduğunu bildirdi. Müayinə etdi və biz evə qayıtdıq.

Az vaxt keçməmiş vəziyyətim yenidən ağırlaşdı və məni təkrar həkim qəbuluna apardılar. Bu zaman bütün yaralar açılmış, tikişlər bir-birindən aralanmış vəziyyətdə idi. Həkim yaralarıma yerli keyitmə aparmadan, sarğı otağında yenidən tikiş qoydu və "gedə bilərsiniz" dedi.

Biz həkimə bildirdik ki, səhhətim günü-gündən pisləşir və ciddi tədbir görülməzsə, barəsində prokurorluğa müraciət edəcəyik. O isə cavab olaraq "hara istəyirsiniz şikayət edin, mən də sizdən şikayət edəcəyəm" dedi".

Şikayətçinin bildirdiyinə görə, bundan sonra Nizami Rayon Prokurorluğuna müraciət ediblər. Müstəntiq tərəfindən qəbul olunduqdan sonra Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasına göndəriliblər. Komissiyadan keçdikdən sonra isə Gülbəniz Qasımova "Medistal" klinikasında çalışan plastik-estetik cərrah Taleh Qasımovun yanına müayinəyə yönləndirilib.

Həkimin rəyinə əsasən, vətəndaşın vəziyyətinin yaxşı olmadığı və təkrar əməliyyata ehtiyac duyulduğu bildirilib.

Gülbəniz Qasımova iddia edir ki, ekspertiza rəyi prokurorluğa göndərilsə də, təxminən bir il ərzində sənədin onlara təqdim olunması gecikdirilib:

"Biz dəfələrlə müraciət etdik, lakin müstəntiq cavabın gəlmədiyini deyirdi. Ekspertiza tərəfi isə sənədin göndərildiyini və prokurorluq tərəfindən qəbul edildiyini bildirirdi. Sonuncu dəfə prokurorluğa gedəndə müstəntiq bizimlə həkimin vəkili kimi danışdı. Respublika Prokurorluğunun qaynar xəttinə dəfələrlə müraciət etmişik, lakin bizi yenidən rayon prokurorluqlarına yönləndiriblər. Rayon prokuroru isə bizi qəbul etmir. Bu günə qədər müraciətlərimiz cavabsız qalır. Hazırda səhhətim günü-gündən ağırlaşır".

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Gülbəniz Qasımovanın müraciəti əsasında Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb.

Qeyd olunub ki, araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra edilib, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin olunub. Ekspertiza rəyinə əsasən, məhkəmə-tibbi müayinə zamanı sağlamlığa zərər vurulmasını təsdiq edən obyektiv morfoloji əlamətlər müəyyən edilməyib. Eyni zamanda "herniotomiya, hernioplastika və abdominoplastika" əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olduğu bildirilib.

Bu əsaslarla 01.09.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi və vətəndaşa hüquqlarının izah olunduğu vurğulanıb.

Bununla yanaşı, bildirilib ki, "HTC Cliniva Hospital"ın həkim-cərrahı Rauf Xəlilovun fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, eləcə də gələcəkdə təkrar olunmaması üçün Səhiyyə Nazirliyinə müvafiq təqdimat göndərilib.

Qeyd edək ki, əməliyyatı icra edən həkim Rauf Xəlilovun adı Xüsusi Təftiş Komissiyasının qərarları ilə sənədlərinin əsaslılığı təsdiqlənmiş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı"nda yer almayıb.