İsrayılov Ağanəzər Araz oğlu - Polis leytenantı, 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Vətən üçün ölmək... Şəhidlik mərtəbəsinə yüksəlmək. Azərbaycan tarixində qara günlər çoxdur. Vətən üçün verdiyimiz şəhidlər də. Son damla qanınadək döyüşərək ölənlər də olub, pusquya düşərək şəhid olanlar da, kor gülləyə tuş gələnlər də. Amma 20 yanvar şəhidləri tanqların tüfənglərin qarşısına çəkilən canlı sədd idi. Bilərək ölümün gözünə baxmaq, çəkinmədən düşmənə meydan oxumaq idi. Həmin qəhrəmanlardan biri də Şamaxıda dünyaya göz açan Ağanəzər İsrayılov idi. O, 1960-cı ilin 6 iyun tarixində Şamaxı şəhərində anadan olub. Ağanəzər hələ uşaqlıq illərindən vətənə sevgisi və qoçaqlığı ilə seçilirdi. Elə ona görə də ən böyük arzusu polis olmaq idi . Ağanəzər yanvarın 19-da 20-ə keçən gecə düşmənə meydan oxuyan minlərlə igid övladarımız kimi vətəni müdafiəyə qalxmışdı. Və bu yolda canından keçdi. Övladının şəhid olduğu xəbəri ailə üçün nə qədər acı olsa da, bir o qədər də qürurverici idi... Azərbaycanın müstəqillik tarixinə oğullarının da adı yazılmışdı... Şəhid olan həmvətənlərimiz Dağüstü parkda, indiki Şəhidər xiyabanında dəfn olunmalı idi. Amma şəhidin anasının xahişi ilə övladının nəşi Şamaxıya gətirilir...Şamaxı yeddi günbəz qəbristanlığında dəfn olunur. Ağanazərin dəfni üçün Şəhidlər xiyabanında ayrılmış qəbri isə boş qalmamalı idi. Elə buna görə də ona məxsus olan xüsusi əşyalar, şəhid olarkən əynindəki polis geyimi həmin yerdə basdırılır... Allah onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin..



