Dekabrın 25-də Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan Hüseynliyə kömək edən polkovnik-leytenant Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.
Qaziler.az xəbər verir ki, bu barədə Mətbuat Şurası sədr müavini Səadət Məmmədova sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, Müşfiq Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlovun oğludur.
Vurğulanıb ki, atası qətlə yetiriləndə Müşfiqin 3 yaşı tamam olmayıbmış.
Xatırladaq ki, Mikayıl Gözəlov 11 dekabr 1991-ci ildə təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib.
Əlavə edək ki, qəza nəticəsində üzərinə yol nişanı aşaraq xəsarət alan 10 yaşlı Sərxan evə buraxılıb.





