Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - Rəsmi açıqlama

Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? -  Rəsmi açıqlama backend

Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək.

Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil.

Oxu.Az-ın əməkdaşı söhbətlərə tam aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb:

"Məndən bir cümlə alıb yüz yerə yozurlar. Heç nə danışmaq istəmirəm, siz düz yazsanız da, başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram. Nə deyirlər, bilmirəm. Mən öz işimi davam etdirirəm. Harada işləyəcəyimi də özüm bilərəm", - deyə M.Mərdanov bildirib.

Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddialar tamamilə yanlışdır, belə təyinat gözlənilmir:

"2022-ci ildən Hesablama riyaziyyatı və riyazi modelləşdirmə kafedrasının müdiri vəzifəsinə professor Vaqif İbrahimov rəhbərlik edir.

Professor Misir Mərdanov isə uzun müddətdir ki, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır".