Bir müddət əvvəl sosial şəbəkələrdə istilik təchizatı xidməti ilə bağlı dekabr ayı üzrə ödənişlərin əvvəlki aylara nisbətən fərqli olduğuna dair məlumatlar yayılıb. Vətəndaşlar bildiriblər ki, qəbzlərdə qeyd edilən məbləğlərin miqdarında 3 dəfəyədək artım müşahidə edilib.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində vətəndaşların dekabrda istilik təchizatı xidməti üzrə əvvəlki aylarla müqayisədə daha çox ödəniş etmələri məsələsinə aydınlıq gətirib.
“Azəristiliktəchizat” ASC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qurum bu xidmət üzrə tarifləri müəyyən edən orqan deyil. Cəmiyyət müvafiq qərara əsasən, istilik enerjisi xidmətlərindən istifadəyə dair hesablamaları aparmaqdadır.
“Bakı şəhəri və digər ərazilərdə payız-qış mövsümü 15 noyabr tarixindən başlanıldığı üçün noyabr ayı üzrə hesablamalar tam ay deyil, 15 gün üçün aparılır. Dekabr ayı üzrə isə hesablamalar bütöv ay üzrə formalaşdırılır. Bu səbəbdən dekabr ayı qəbzində məbləğin noyabr ayı ilə müqayisədə fərqli görünməsi mümkündür”, - məlumatda vurğulanıb.
ASC xatırladıb ki, Tarif (qiymət) Şurasının 30 iyul 2025-ci il tarixində keçirilmiş iclasında “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidməti üzrə yeni tarif təsdiq edilib.
Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilən “İstilik enerjisindən istifadə qaydaları”na uyğun olaraq dağ rayonlarında 2025-ci il 1 noyabr, Bakı şəhəri və digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən etibarən payız-qış mövsümünə başlanılıb və yeni tarif həmin tarixlərdən tətbiq edilməkdədir.
Sayğac quraşdırılmadığı halda, 1 kvadratmetr sahəyə görə aylıq 45 qəpik, sayğac quraşdırıldığı halda isə 1 Qkal üçün 21 manat müəyyən edilib.
Əlavə edilib ki, ödəniş qəbzləri istehlakçılara bir qayda olaraq hesabat ayı başa çatdıqdan sonra təqdim edilir. Mövcud qanunvericiliyə əsasən, ay ərzində istifadə olunan istilik enerjisi ilə bağlı istilik haqları növbəti ayın sonunadək tam şəkildə ödənilməlidir.



