Bu gün Şirvan şəhərində Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şirvan Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 6500-dən çox müəllim iştirak edəcək.İmtahanda test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Qeyd edək ki, Şirvan şəhərində 9-13 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
Müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.