Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı  fəaliyyətə başlayır backend

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə yanvarın 12-dən etibarən ilk dəfə Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır.

Qaziler.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə olacaq.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Qatarlarda Standart, Standart+, Biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4.30 AZN, Ləki-Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

Qeyd olunub ki, bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə-Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ-Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə almaq olar.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.