Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, qeyd edilən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıma və s. imkan verib.
Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı son yeddi il ərzində 5 sosial islahat paketinin icra edildiyini vurğulayaraq deyib: “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”.



