"Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır".
Qaziler.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Prezident Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun qısa müddət sonra vəzifəsindən azad olunması barədə də danışıb:
"Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir.
Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir.
Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir".
Dövlət başçısı həmişə kadrlara ədalətli olduğunu qeyd edib: "Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri".



