Həbsxanalara xəbərdarlıqsız daxil ola bilən şəxslərin siyahısı genişləndirilib

Həbsxanalara xəbərdarlıqsız daxil ola bilən şəxslərin siyahısı genişləndirilib backend

Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma qaydasında dəyişiklik olunub.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti və işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri, Xidmətin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi də maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə daxil olacaqlar.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-in ədliyyə naziri və onun müavini), Penitensiar Xidmətin rəis müavinləri, qərargah rəisi, Tibb baş idarəsinin rəisi və müavinləri, əməliyyat, rejim və nəzarət şöbələrinin rəisləri, habelə Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-T nömrəli əmrin 1-ci bəndində göstərilən şəxslər maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılırlar.

Qeyd edək ki, qərar dekabrın 31-də qüvvəyə minəcək.