Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib. Tədbir Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə cəlb olunmasını təşviq etmək məqsədi daşıyıb.
Qaziler.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, təhsil və inkişaf institutlarının nümayəndələri, eləcə də müxtəlif layihələrin fəal iştirakçısı olan məcburi köçkünlər iştirak ediblər.
Böyük Qayıdış proqramı çərçivəsində hazırlanan videoçarxlar nümayiş olunub. Daha sonra Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyevin, Dünya Bankının nümayəndəsi Steffi Stallmeisterin, Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti sədrinin müavini Kamran Rəsulovun çıxışları dinlənilib. Çıxışlarda Böyük Qayıdış prosesi çərçivəsində insan kapitalının inkişafı, məşğulluğun artırılması və dayanıqlı iqtisadi fəaliyyətlərin qurulmasının əhəmiyyəti vurğulanıb.
Həmçinin Türkiyənin Mesleki Yeterlilik Kurumu (MYK), TKTA, Amerika Təlim və İnkişaf Şurası (American Council of Training and Development – ACTD) və “Accelerated Career Academy” (ACA) karyera mərkəzi tərəfindən həyata keçirilən layihələrə dair təqdimat videoları nümayiş olunub və qurum rəhbərlərinin çıxışları dinlənilib. Xüsusilə ACA tərəfindən icra edilən “Qarabağda Gələcək” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin ikinsi hissəsində keçirilən təltifetmə mərasimində müxtəlif istiqamətlər üzrə təlim və sertifikasiya proqramlarını uğurla başa vuran məcburi köçkünlərə sertifikatlar təqdim olunub. Sertifikatlar yerli və beynəlxalq tərəfdaş qurumların nümayəndələri tərəfindən təqdim edilib.
Təltifetmə mərasimi çərçivəsində “Accelerated Career Academy”nin direktoru Samirə Quliyevanın moderatorluğu ilə xüsusi panel diskussiyası da təşkil olunub. Paneldə sahibkarlıq və liderlik sahəsində uğur qazanan qadınlar çıxış ediblər. Çıxışlarda şəxsi uğur hekayələri, sahibkarlıq təcrübələri və qadın liderliyinin cəmiyyət və iqtisadiyyat üçün rolu müzakirə olunub. Panel sual-cavab sessiyası ilə yekunlaşıb. Qeyd edilib ki, belə təşəbbüslər Böyük Qayıdış prosesinin sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsinə, məcburi köçkünlərin dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə və onların cəmiyyətə fəal inteqrasiyasına mühüm töhfə verir.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkilib.



