Prezident İlham Əliyevin Ağdamdakı çıxışı Azərbaycan xalqına – qoca, orta və gənc nəslə bir çağırışdır
BAYRAQDAR MEDİA – “Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur. Beş il bundan əvvəl döyüş meydanında qazandığımız Qələbəni biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik”.
Dövlət başçısının Ağdamdakı çıxışı son vaxtların aktual gündəminə çevrilən bir sıra məsələlərə də aydınlıq gətirdi
Yazımıza Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışında buraya köçən sakinlərlə görüşündəki çıxışındakı cümlələrlə başlamağımız heç də təsadüfi deyil. Çünki əvvəla düşmənlərimizin yatmadığını, əksinə, ötən hər gün bizə qarşı yeni oyunlara, yeni iyrəncliklərə, təxribatlara əl atdığını görürük və hesab edirik ki, bu yazı ilə xalqımıza da bu təhlükəni bir daha xatırladaq.

Prezident İlham Əliyev
İkincisi isə, dövlət başçısının sözügedən çıxışı son vaxtların aktual gündəminə çevrilən bir sıra məsələlərə də aydınlıq gətirmiş oldu. Ümumiyyətlə dövlət başçısının hər bir çıxışı tarixi əhəmiyyət kəsb etməklə yanaşı gələcək fəaliyyətlər üçün də bir “Yol xəritəsi” dəyərində olur, belə deyək ki, Azərbaycan dövləti və xalqı üçün gələcək fəaliyyət istiqamətinə işıq tutur. Bu baxımdan yuxarıda bəhs etdiyimiz çıxış da həm ətraflı təhlil olunmalı, həm də bizlər – ümumilikdə 7-dən 77-yə hər bir kəs dövlət başçısının bu çıxışından özünə dərs, qeyd götürməlidir. Çünki cənab İlham Əliyev bu çıxışında həm dövlət başçısı, həm Ali Baş Komandan, həm də Azərbaycan vətəndaşı olaraq öz narahatlıqlarını da dilə gətirdi, Ermənistan məsələsində, sülh məsələsində necə davranmalı olduğumuzu bizə tövsiyyə etdi.
Beləliklə, cənab Prezident öncə Ağdama, eyni zamanda Ağdamın timsalında işğal edilmiş bütün şəhər və kəndlərə Ermənistanın necə vəhşiliklə, necə faşist mahiyyəti ilə, necə dağıdıcılıqla yanaşdığını xatırlatdı. Dövlət başçsı dedi ki, “İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır”.
Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi
Cənab Prezidentin də bəyan etdiyi kimi, bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır.

İşğal dövründə urbisidə məruz qalan Ağdam bu gün yenidən dirçəlir
Göründüyü kimi, dövlət başçısı Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi işğalşılıq, talançılıq, faşist mahiyyətli siyasətini bir daha xatırladır. Lakin bu, sıradan bir xatırlatma deyil. Hesab edirik ki, bu, Azərbaycan xalqına – qoca, orta və gənc nəslə bir çağırışdır: düşmənin kimliyini unutma! Düşmənin xalqımıza qarşı törətdiyi əməlləri, cinayətləri, vəhşilikləri unutma! Sülh olsa belə, yaşanan faciələri heç zaman hafizəndən silmə!
Əslində, bunu həm də son vaxtlar sülh danışıqları fonunda başları “hərlənərək”, ermənilərlə az qala qol-boyun olan bəzi kəslərə bir xəbərdarlıq da saymaq olar ki, bu barədə sonda bir daha qeydlərimizi edəcəyik.
Biz onları məcbur etdik
İndilikdə isə onu deyək ki, dövlət başçısı çıxışında Ermənistanın bu sülh masasına heç də öz istəyi ilə oturmadığına da işarə edib: “Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”.
Bəli, cənab Prezident açıq kontkestdə bəyan edib ki, Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər.

Ağdamdakı görüşdən xatirə fotosu
Cənab İlham Əliyevin də bəyan etdiyi kimi, məhz 44 günlük Vətən savaşında qazandığımız möhtəşəm zəfər, həmçinin 2023-cü ildə antiterror əməliyyatı nəticəsində suverenliymizin tam bərpa edilməsi nəticəsində artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik: “O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu. Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq – xalqımız, dövlətimiz”.
Bu tarix həm orta və ali məktəblərdə, həm də ailələrdə əzbər olmalıdır
Biz yuxarıda qeyd etdik ki, dövlət başçısının Ağdamdakı çıxışı Azərbaycan xalqına – qoca, orta və gənc nəslə bir çağırışdır. Çünki dövlət başçısı Ağdam sakinlərinin timsalında bütün Azərbaycana üzünü tutaraq bəyan etdi ki, bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm orta və ali məktəblərdə, həm də ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq.

Görüş zamanı
Elə buradan yola çıxaraq bütün QHT-lərə, bütün gənclər birliklərinə, o cümlədən elm və təhsil mərkəzlərinə çağırış etmək istərdik. Çağırışımız isə budur ki, cənab Prezidentin “Yəni ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq” tövsiyəsini əldə rəhbər tutaraq, vaxt itirmədən addımlar atılmalıdır. Nə ola bilər bu addımlar? Əslində dövlət başçısı çıxışında bu suala da cavab vermiş olub: “Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır – Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib”.
Qarabağ Universitetində mərhələli şəkildə “Tariximizi öyrənək və öyrədək” mövzusunda açıq dərslər keçirilməlidir
Bəli, hesab edirik ki, QHT – təhsil – gənclik üçbucağı formatında səfərlər, görüşlər, tarixi mühazirələr, açıq dərslər, elmi konfranslar keçirilməlidir. Bəri başdan bunu da bəyan edirəm ki, rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi bu məsələdə, necə deyərlər, “əlini daşım altına qoymağa” hazırdır. Eyni zamanda bir təklifimiz var və biz təşkilat olaraq bu təkilfi yazılı olaraq müvafiq qurumlara da göndərəcəyik. Həmin təkilf ondan ibarətdir ki, 2026-cı il ərzində Qarabağ Universitetində mərhələli şəkildə “Tariximizi öyrənək və öyrədək” mövzusunda açıq dərslər keçirilməli, həmin açıq dərslərin dinləyiciləri isə ölkənin ayrı-ayrı məktəblərinin 9-11-ci sinif şagirdləri olmalıdır.
Gəncliyimiz bunu bilməlidir ki, bu gün içimizdəki Rusiya sevdalı “beşinci kolon”un tələsinə düşməsin
2026-cı ilin üç mühüm məsələ ilə bağlı yubileylər ili olduğunu nəzərə alaraq, o açıq dərslərdə həm işğal dövründə yaşadığımız faciələr, həm də zəfərimizin türk dünyasına təsiri barədə dinləyicilərə ətraflı bilgilər verilə bilər. Əvvəla, gələn il Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsinin 100-cü ildönümüdür və açıq dərslərdə bu tarixə də toxunulmalıdır. Həm də ona görə ki, mənfur sovet rejimi sonradan həmin qurultayın iştirakçısı olan bütün azərbaycanlılara divan tutdu. Gəncliyimiz bunu bilməlidir ki, bu gün içimizdəki Rusiya sevdalı “beşinci kolon”un tələsinə düşməsin və “SSRİ cənnət idi” nağılının arxasında hansı şeytani əməllərin dayandığını dərk etsin.
Yeri gəlmişkən, bu gün “Troya atı” içərisində daxilimizə yeni “Əliheydər Qarayevlər”i soxmağa, “Rus ev”ləri ilə milli evimizin bünövrəsini ovmağa çalışan, hələ də keçmiş SSRİ-nin yenidən xortlatmaq sevdasına düşən şimal qonşumuzun 44 günlük müharibə zamanı hansı oyunlara əl atdığını da unutmamışıq. Elə dövlət başçısının çıxışında da bununla bağlı vacib bir məqama yenidən işıq tutulur. İşğalçı Ermənistana Batının dəstəyi barədə danışan Prezident həmçinin Şuşaya zərbə endirən “İsgəndər M” ballistik raketi barədə düşündürücü sual verir: “İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır”.
Bu məqamda onu da qeyd edək ki, ötən həftə Rusiya tərəfindən Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasının 1 ili tamam oldu. Və Kreml öz xislətinə sadiq qalaraq hələ də o cinayət əməlinə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Əksinə, Azərbaycana qurşaqdan aşağı zərbə vurmaq üçün girəvə gözləyir.
Anlaşılan Kreml, yenidən “erməni dili”ndə danışmağa, “ermənicə düşünməyə” başlayıb
Həmçinin, onu da unutmayaq ki, Rusiya Prezidenti V.Putin Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Əvvəla xatırladaq ki, Rusiyada yaşayan milyarder iş adamı Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. İkincisi isə onu qeyd edək ki, Putin bu ordeni Abramyanın yaxasına dekabrın 25-də, məhz Azərbaycan təyyarəsinin vurulmasının birinci ildönümü günü taxıb. Anlaşılan Kreml, yenidən “erməni dili”ndə danışmağa, “ermənicə düşünməyə” başlayıb. Ona görə də ayıq-sayıq olmalıyıq.
Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq
Necə ki, dövlət başçısı Ağdamdakı çıxışında bu məsələyə də xüsusi vurğu edib: “Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”.
Yeri gəlmişkən, 2026-cı il üçün digər yubiley Zəfərdən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bağlıdır. 2026-cı ildə Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümdür. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığının strateji müttəfiqliyə çevrilməsinin rəsmiləşdirilməsidir.

Azərbaycan-Türkiyə qardaşlığından söz düşmüşkən, dövlət başçısı Ağdamdakı çıxışında bu məqama da xüsusi toxunub: “Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi. Bizim yanımızda olan tək ölkə Türkiyə idi. Buna görə biz türk qardaşlarımıza minnətdarıq, həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir”.
Hesab edirik ki, biz yuxarıda bəhs etdiyim açıq dərslərdə zəfər tariximizlə yanaşı türk dünyası, Türkiyə-Azərbaycan qardaşlığı tarixini də anlatmalıyıq gənclərə, şagirdlərə.
Elə buradan yola çıxaraq, qeyd edək ki, 2026-cı ildə üçüncü yubiley Türk Dövlətləri Təşkilatının yaranmasının 5-ci ildönümü ilə bağlıdır. Məhz tairixi zəfərdən və Şuşa Bəyannaməsinin imzalanmasından sonra türk dünyasında dərin inteqrasiya üçün yeni mərhələ başladı. 12 noyabr 2021-ci ildə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qurumun adı Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirildi. Gələcəyimiz üçün gənclər müasir tarizimizin həm də bu bölməsini dərindən bilməlidirlər.
Erməni sevgisini büruzə verənlər, diqqətli olun!
Nəhayət, yazımıza son vaxtlar, belə deyək, “erməni sevgisini biruzə verənlər”lə bağlı məqamla son qoymaq istədik. Söhbət sülh danışıqlarını əlində bayraq edərək, “papadan artıq katolik olanlar”dan gedir. Azərbaycan dövləti hər bir məsələni incə formada, addım-addım tam həllə doğru aparır və bizlərə düşən bu siyasətə uyğun davranmaqdır. Lakin bizim içimizdəki bəziləri, təəssüflər olsun ki, bu həqiqəti dərk etmək gücündə deyillər. Onlar elə başa düşürlər ki, tezbazar erməni ilə qol-boyun olmalıyıq.
Hesab edirik ki, cənab Prezidentin çıxışında bu məsələyə də aydınlıq gətirildi. Daha da dəqiqləşdirsək, dövlət başçısı hər kəsə bir daha vacib xatırlatma etdi: biz işğalı unuda bilmərik!
Heç vaxt şirin sözlərə uymamalıyıq
Dövlət başçısı onu da bəyan etdi ki, “düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm”.
Beləliklə, cənab Prezidentin daha bir çıxışı tarixə düşdü. Dövlət başçısı öz Liderlik, Rəhbərlik missiyasından irəli gələrək bu çıxışla həm bizi xəbərdar etdi, həm də yuxarıda da vurğuladığımız kimi, yol göstərdi. Bizə düşən isə o yolla doğru addımlar atmaq, bu yoldan sapınanlara xəbərdarlıq etmək, onları Azərbaycanın yoluna qaytarmaqdır; xüsusilə də içimizdəki Rusiya sevdalılarını və erməni istəklilərini!
Nadir Azəri



