44 günlük Vətən Müharibəsi zamanı Şuşaya bayraq sancan Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib.
Bu barədə Qaziler.az-a Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.
R.Kərimoğlu bildirib ki, Vətən Müharibəsi Qəhramanının anası Birinci Qarabağ müharibəsində şəhid olan digər oğlunun yanında dəfn olunmağını vəsiyyət edib.
"Yaşar Hüseynovun anası vəsiyyətinə uyğun olaraq şəhid olan oğlunun yanında dəfn olunmaq üçün Ağdama aparılıb" - o, qeyd edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhəd oğlu Hüseynov 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal qəsəbəsində anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Yusifcanlı (Ağdam rayonu) istiqamətində şəhid olub.
Yaşar Hüseynov 2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan arasında baş verən döyüş əməliyyatlarında Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında qarşı tərəfin dərinliyində döyüş tapşırığının icrası zamanı ağır yaralanıb. 8 ay müalicə aldıqdan sonra 2015-ci ilin aprelində xidmətini bərpa edib.
2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən növbəti toqquşma zamanı Goranboyun Tap Qaraqoyunlu və Tərtərin Talış istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.
2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. 09.10.2020-ci ildə Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı odlu silah güllə yarası alaraq Füzuli rayon xəstəxanasına təxliyə olunub. 10.10.2020-ci ildə oradan Mingəçevir şəhər xəstəxanasına təxliyə olunaraq müalicə alıb. 21.10.2020-ci ildə tam sağalmamış Mingəçevir şəhər xəstəxanasından çıxaraq yenidən döyüş əməliyyatlarına qayıdıb.
30.10.2020-ci il tarixindən etibarən Xocalı rayonunun Çanaqçı və Sığnaq, Şuşa rayonunun Daşaltı yaşayış məntəqələrini də daxil olmaqla Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 5-dən 6-na ötən gecə Şuşa şəhərinə daxil olmuş, noyabrın 6-da səhər saatlarında Bölmə Komandiri və digər 5–6 nəfərlə birgə Şuşa şəhərinin təmizlənməsində yaxından rol alıb. Saat 13:45-də Şuşa şəhərində bələdiyyə binasının üzərində salcılan Dağlıq Qarabağ bayrağını oradan çıxararaq əvəzinə Azərbaycan bayrağını sancıb.
Xüsusi xidmətləri nəzərə alınaraq Yaşar Hüseynova Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Şücaətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.
QAZİLER.AZ



