Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.
Qeyd edilib ki, müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Vurğulanıb ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
“Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı - Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək”, - deyə müraciətdə deyilib.
Qeyd edilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.



