Sumqayıt şəhərində fəaliyyət göstərən 25 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib.
Qaziler.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sinif otaqlarından birindən proyektor, səsgücləndirici və notbuk oğurlanıb. Nəticədə məktəbə ümumilikdə 1799 manat maddi ziyan dəyib.
Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən R.Bayramov saxlanılıb. Araşdırma zamanı onun başqa bir ünvanda da oğurluq etdiyi müəyyən edilib.
R.Bayramova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (yaşayış və ya digər sahələrdən oğurluq) maddələri ilə ittiham elan olunub. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə baxılıb. Məhkəmə iclası zamanı R.Bayramov irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib və əməlinin sərxoş vəziyyətdə törədildiyini bildirib.
İş üzrə zərərçəkmiş qismində tanınan məktəbin direktoru A.Fleydanlı isə oğurlanan əmlakların şəxsi deyil, məktəbə məxsus olduğunu əsas gətirərək zərərçəkmiş statusuna xitam verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə R.Bayramova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün bu cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.



