Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Qaziler.az bildirir ki, trend-in xəbərinə görə, qayıdış proqramına uyğun olaraq Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə - 278 nəfər, Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə - 51 nəfər, Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə - 48 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.



