Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaranma günüdür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaranma günüdür backend

Bu gün, dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, 107 il əvvəl, 1918-ci ilin 26 dekabrında Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan Nazirlik həmin dövrdə işçilərin əmək haqlarının, müavinətlərin ödənilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. sahələrdə bir sıra tədbirlər həyata keçirib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

 

Ümummilli Lider Heydər Əliyevin sosial müdafiə sahəsinə xüsusi diqqət və qayğısı nəticəsində müstəqil Azərbaycan dövlətinin güclü sosial siyasəti formalaşıb, sosial müdafiə sistemi ildən-ilə gücləndirilib. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir, vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlər əldə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi və digər fəaliyyət sahələrində məqsədyönlü işlər aparır.

 

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 2018-2025-ci illərdə 5 sosial islahat paketi həyata keçirilib. 4 milyondan çox vətəndaşı əhatə edən, illik əsasda əlavə olaraq 7,6 mlrd. manat vəsaitin ayrıldığı bu sosial islahatlar nəticəsində 2018-ci ildən ötən dövrdə minimum pensiya 3 dəfəyə yaxın artırılaraq 110 manatdan 320 manata, minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb. Əməkhaqqı fondunda 3,2 dəfə artım baş verib. Sosial müavinət, təqaüd ödənişləri üçün illik vəsaitdə 5 dəfə artım özünü göstərib. 

 

Nazirlik tərəfindən aktiv məşğulluq proqramları da ildən-ilə genişləndirilir. Bu ilin 11 ayında da 530 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib, o cümlədən, 16,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının kiçik biznesə çıxışına mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nə də artıq 26,7 min nəfər cəlb edilib. Layihənin 2026 – 2029-cu illər üzrə II fazası üzrə daha 30 min şəxs avadanlıqlarla təmin edilərək onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılacaq. Böyük Qayıdış Proqramına uyğun olaraq doğma yurdlarına köçürülən vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində də işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində aktiv məşğulluq proqramları icra olunur. 

 

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında Nazirliyin tabeliyində DOST Agentliyi və bundan sonra Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 1 DOST filialı, 1 “Smart DOST” və 2 DOST məntəqəsi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf şəkildə təqdim edilir. DOST mərkəzlərində 4 milyondan çox şəxsə xidmətlər göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,7 faizdir.  

 

Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı dövlətimizin başçısının göstərişi ilə genişmiqyaslı sosial dəstək paketi həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sosial dəstək paketi çərçivəsində 1 noyabr 2025-ci il tarixə 132 min unikal şəxsə 406 min xidmət göstərib. O cümlədən, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara 6,9 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olanlara 567 avtomobil verilib və növbədə olanların avtomobillə təminatı başa çatıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə ötən dövrdə 16 minə yaxın mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7,7 min avtomobil verilib.  

 

Son illər geniş elektronlaşma proqramını həyata keçirən Nazirliyin təqdim etdiyi xidmətlərdən 90 faizdən çoxu elektron qaydada, o cümlədən bir sıra xidmətlər proaktiv şəkildə həyata keçirilir. Həmçinin, 2019-cu ildə qurumun “e-sosial” internet portalı istifadəyə verilib. Ölkənin sosial reyestri olan portal vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır. 2022-ci ildə istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi isə işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması olmaqla, əmək münasibətlərinin tam elektronlaşmasına, rəqəmsal kadr uçotuna keçilməsinə imkan verib.

 

Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar beynəlxalq səviyyədə də yüksək qiymələndirilir. Təkcə bu ilin 11 ayında Nazirlik daha 70-dən çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Eyni zamanda dövlət xidmətlərinin «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq 3 ildir 1-ci yeri tutur.