Təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi yad edilib

Təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi  yad edilib backend

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də yerinə yetirdiyi J2-8243 nömrəli Bakı–Qroznı reysində həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report" xəbər verir ki, anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "AZCON Holding"in icraçı direktoru Şahin Babayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Daha əvvəl, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub.

Xatırladaq ki, "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərindən təxminən 3 km məsafədə qəzaya uğrayıb. İlkin araşdırmaya əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sisteminin hücumuna məruz qalıb.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.