AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məzarlar ziyarət edilib

AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məzarlar ziyarət edilib backend

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının birinci ildönümü ilə bağlı İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət edilib.

"Report" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda həyatlarını itirən Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

İlkin araşdırmanın nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.