Nazirlikdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş olub

Nazirlikdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş olub backend

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, Vladanka Andreyevaya ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın inkişafına dəyərli töhfələr verdiyinə görə təşəkkürünü bildirib.

 

Vladanka Andreyeva Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməkdə olmasından məmnunluğunu ifadə edib.

 

Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin əhəmiyyəti vurğulanıb.

 

Bu sənəd əsasında Nazirliyin müxtəlif fəaliyyət sahələrində, xüsusilə insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.