Naxçıvanda vəkillərin intizam məsuliyyətinə cəlb edilmə qaydalarında dəyişiklik edilir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun, bu Qanunun və digər normativ hüquqi aktların və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, vəkil intizam məsuliyyətinə cəlb ediləcəklər:
Sənədə əsasən, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il müddətində tətbiq edilə biləcək.
Mövcud qanunvericiliyə görə bu müddət müvafiq olaraq altı ay və bir ildir.
Həmçinin vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla biləcək.
Sənədə əsasən, Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə biləcək:
- xəbərdarlıq;
- töhmət;
- üzvlük haqqının 10 misli həcmində cərimə;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
- Vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.
Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq.
Bundan başqa, Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam veriləcək.



