Təhsil eksperti Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı AMEA-dan AÇIQLAMA

Təhsil eksperti Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı  AMEA-dan AÇIQLAMA backend

Sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinin Kamran Əsədova fəxri diplom verməsi ilə bağlı getmiş məlumatlara qurum tərəfindən aydınlıq gətirilib.

Qaziler.az xəbər verir ki, bu barədə AMEA-nın Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi, "bir müddət öncə" deyil, Milli Elmlər Akademiyasının "Elm günü" ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub.

"AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin "Elm günü" tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub. AMEA Mətbuat Xidmətinin apardığı araşdırmalar əsasında Akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov ("Xalq qəzeti"nin baş redaktoru), müstəqil mətbuat sahəsindən Yusif Rzayev ("525-ci qəzet"in baş redaktorunun birinci müavini), sosial şəbəkə mətbuatından Kamran Əsədov, Akademiya mətbuat nümayəndələrindən isə İlham Alıyev "Elm günü" tədbirlərində fəxri diplomlarla təltif olunublar.

Əməkdaşımız İlham Alıyevdən başqa, yuxarıda adları çəkilən Əflatun Amaşov və Yusif Rzayevi əvvəlcədən şəxsən tanıdığımız halda, Kamran Əsədovla Akademiyada birinci və sonuncu görüş "Elm günü" ilə əlaqədar tədbirdə olub. Adları çəkilən mətbuat işçilərinə diplom verilərkən Kamran Əsədov haqqında inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı heç bir rəsmi məlumata rast gəlinməyib. Ona görə də səkkiz ay əvvəl baş vermiş hadisəni ümumi mətndən ayırmaq və bilərəkdən "az müddət öncə" olmuş əhvalat kimi cəmiyyətə təqdim etmək Akademiyanı məqsədli şəkildə hər hansı bir xoşagəlməz hadisəyə cəlb etmək və ya adını süni şəkildə hallandırmaq məqsədi daşıyır", - məlumatda bildirilir.