FHN-in Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır: "Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur".
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:
Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
ağac tezalışan oyuncaqla bəzədilməməli;
qapalı məkanda atəşfəşanlıq edilməməli;
şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.
Həmçinin, bayram şənliklərinin təşkil olunduğu məkanlarda aşağıdakılar nəzərə alınmalıdır:
şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
pəncərədə dəmir barmaqlıq olmamalı;
məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı;
ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
otağın qapıları mütləq çıxışa doğru açılmalı;
məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
şənlikdə işıqlar tam söndürülməməli;
məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı;
bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin edilməli, bu yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir.
Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır: "Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur.
Obyekt rəhbərləri yanğın təhükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir".
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.



