“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək

“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək backend

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunun portfelinin "Bakı Gəmiqayırma Zavodu" MMC-yə (BGZ) ötürülməsinə qərar verilib.

Qaziler.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə son illərdə faydalı istismar müddətini başa vurduğundan və bununla müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb. Mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir. Optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir.

Eyni zamanda, hazırda dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodunun fəaliyyət göstərməsi, bu zavodların əsas sifarişçisinin ASCO olması gəmi təmiri xidmətinin optimallaşdırılmasına hər 3 zavod prizmasından baxılmasına zərurət yaradır. Bununla əlaqədar, uzunmüddətli gəmi təmiri tələbatı təhlil olunub və bu tələbatın qarşılanması imkanları qiymətləndirilib. Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən olunub.

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun son illər daha çox investisiya qoymaqla texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, "Bibiheybət" Gəmi Təmiri Zavodunda (GTZ) isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir-tikinti işlərini təmin edə bilən BGZ kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, "Bibiheybət" GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən olunub.

Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaq. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcək.