Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində inşa edilmiş körpünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal bürosuna yerli sakinlər məlumat verib.
Onların iddialarına görə, 2010-cu ildə istifadəyə verilmiş həmin körpü ilə ağırtonnajlı yük maşınlarının intensiv hərəkəti zamanı evlərdə güclü silkələnmə hiss olunur. Bunun nəticəsində yaxınlıqdakı evlərin bir çoxunun divarlarında çatlar əmələ gəlib.
Sakinlər deyiblər ki, buna görə evlərini təmir edə, yaxud da sata bilmirlər. Ona görə də ərazidəki ailələrin bir qismi öz mülklərini tərk etmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, layihə ilə sözügedən körpünün altına düşən evlərin problemi zamanında həll olunsa da, ətrafdakı digər evlərlə bağlı hələlik yekun qərar verilməyib:
"2006-cı ilin fevral ayında Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar yolun rayon ərazisindən keçən hissəsinə baxış keçirilib. Bu zaman 12 fərdi yaşayış evinin körpünün altına düşdüyü müəyyən edilib. Yolun tikintisi zamanı həmin evlər sökülüb və sahiblərinə kompensasiya ödənilib. Körpüyə yaxın olan digər evlərə baxış keçirilsə də, onlarla bağlı hələ ki qərar qəbul edilməyib. Bununla bağlı müvafiq qurumlara müraciət göndərmişik və onlardan cavab gözləyirik".



