Azərbaycan Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın dekabrın 12-də növbəti iclası keçirilib.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq indiyədək Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Nazir bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və ordu quruculuğu xəttinin ardıcıl davamı olan bu siyasət hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həll edilməsinə mühüm töhfə verir.
S.Babayev Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini bildirib.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunmasına dair qərar qəbul olunub. Qeyd edilib ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.
Bu günə qədər dövlət vəsaiti hesabına 4167 hərbi qulluqçu mənzillərlə təmin olunub.



