İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Azəriqaz” İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlar artıq qaz təchizatı ilə bağlı müayinə aktlarını “mygov” platforması üzərindən izləyə biləcəklər. Yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanı yaradır.
Məlumatdan istifadə qaydası aşağıdakı kimidir:
İstifadəçi mygov portalında “Xidmətlər” bölməsindən “Kommunal” kateqoriyasını seçir.
“Azəriqaz İB – Müayinə aktı”na daxil olur.
İstifadəçinin FİN-ə bağlı bir və ya bir neçə akt varsa, sistem mövcud müayinə aktlarının siyahısını təqdim edir.
İstifadəçi seçdiyi aktın məlumatlarına baxa və sənədi yükləyə bilər.
Qeyd edək ki, müayinə aktı, xüsusilə qaz təchizatına yeni qoşulma, qaz xətlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanı vətəndaşlardan tələb olunur.



